Əmtəəlik təbii qaz ehtiyatları açıqlandı

Bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17 milyard 409,9 milyon kubmetr təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ehtiyatların 86,1%-i hasilatın, 13,9%-i qalığın hesabına formalaşıb. Təbii qazın 35,8%-i istehlak, 51,7%-i ixrac olunmuş, 2,8%-i itkiyə getmiş, 9,7%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,2 %-i istehsal ehtiyaclarına sərf edilmiş, 37,8%-i isə əhaliyə satılıb.

Bu ilin yanvar-iyun aylarında 8 milyard 992,2 milyon kubmetr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1% çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2 milyard 360,3 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çox təbii qaz istehlak edilmiş, onun 37,2%-i Bakı şəhərinin, 3,5%-i Naxçıvan Muxtar Respublikasının, 10,7%-i Abşeron-Xızı, 6,1%-i Mərkəzi Aran, 6%-i, Gəncə-Daşkəsən, 6%-i Lənkəran-Astara, 5,9%-i Qazax-Tovuz, 5 %-i Şəki-Zaqatala, 4,9%-i Quba-Xaçmaz, 4,6%-i Qarabağ, 3,9 %-i Mil-Muğan, 3,8%-i Şirvan-Salyan, 2,4%-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan