Ölkəyə 125 milyon dollarlıq mobil telefon idxal olunub

Bu ilin iyun ayında Azərbaycana 121 min 813 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda idxal 15,7% artıb. İyunda idxal olunan məhsulların dəyəri 16 milyon 644,5 min ABŞ dolları təşkil edib ki, bu da may ayının göstəricisindən 6,1% azdır.

İDXALINA 125 MİLYON DOLLAR XƏRCLƏNİB

Həmçinin bildirilib ki, ümumilikdə cari ilin yanvar-iyun aylarında ölkəyə 815 min 202 ədəd mobil qurğu idxal olunub. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur. Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 125 milyon 178,9 min dollar təşkil edib ki, buda 2020-ci ilin ilk altı ayının göstəricisini 46% üstələyir.



APA

Bizi Facebook-da izləyin: INdexAzerbaijan