Maşın “bolluğu”: Avtomobillərin qiyməti ucuzlaşacaq?

Bu ilin yanvar-iyun aylarında Azərbaycana Almaniyadan ümumi dəyəri 77,107 mln. ABŞ dolları olan 6 385 yeni minik avtomobili idxal edilib.

Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 52,2%, dəyər ifadəsində isə 42,6% artıb. İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 000-1 500 kub sm (8,360 mln. dollarlıq 2 374 vahid) olan avtomobillər olub. Dəyər ifadəsində isə idxalda ən böyük pay sahibi mühərriklərinin həcmi 1 500-3 000 kub sm olan (47,342 mln. dollarlıq 1 678 ədəd) nəqliyyat vasitələri olub.

Xatırladaq ki, cari ilin ilk yarısında Almaniyadan Azərbaycana dəyəri 1,328 mln. dollar olan 24 hibrid minik avtomobili gətirilib. İdxal olunmuş tam elektrik mühərrikli avtomobillərin sayı isə 10-a bərabər olub (758,18 min dollar dəyərində).

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanın maşın bazarı Gürcüstandan olan asılılığı azalıb:



“Belə ki, Azərbaycan avtomobil bazarı bir çox ölkələrdən gələn avtomobillər hesabına formalaşır. Burada Almanyanın və Gürcüstanın rolu var. Artıq azərbaycanlı maşın alverçiləri birbaşa Avropanın, Asiyanın və Amerikanın bir çox şəhərlərinə gedib rahat şəkildə maşın seçə bilirlər. Hətta Dubaydan, Səudiyyə Ərəbistanından və fərqli yerlərdən ölkəmizə maşınlar gətirilir. Gürcüstan bazarında asılılığımız xeyli sayda azalıb.

Gec də olsa, azərbaycanlılar ayıldılar ki, ən yaxşı halda maşını haradan gəlməsini aydınlaşdırmalı və oradan almalıdırlar. Burada da Almanyanın rolu var. Almanyadan maşınların ixracı demək olar məcburidir. Almanya hökumətinin qərarına görə dizel mühərrikli avtomobilləri ixrac olunmalıdır. Almanya və qonşu ölkələr tədricən elektrik mühərrikli avtomobillərə keçirlər”.

Ekspertin sözlərinə görə, qiymətlərdə ucuzlaşma gözlənilmir:

“Qiymətlərdə heç də ucuzlaşma görülmür, əksinə qiymət artımı baş verib. Bu da ona görədir ki, Avro-5 və Avro-6 standartlarına uyğun avtomobilləri ölkəmizə gətiririk. Bunlar da komfortlu avtomobillərdir. Bu maşınların gömrük vergisi də çoxdur. Ona görə də maşınlar Azərbaycana ucuz qiymətə gəlmir”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, pandemiyaya görə insanlar maşın almağa üstünlük verir:



“Bu ilin əvvəlindən başlayaraq Azərbaycan avtomobil bazarında canlanma müşahidə olunur. Keçən il pandemiyaya nisbətən bu il ertələnmiş tələbin də yerinə yetirilməsinə başlanılıb. Ötən il pandemiyaya görə insanlar planlaşdırdığı kimi avtomobil almağa sövq etmirdi. İqtisadiyyatda ertələnmiş tələb deyə termin var. 2021-ci ildə ertələnmiş tələbin də üzə çıxmasına şahid olduq.

Eyni zamanda, koronavirusla bağlı insanlar fərdi avtomobillərdən istifadəyə üstünlük verməyə başladılar. İctimai nəqliyyatda yoluxma riskini nəzərə alaraq insanlar imkanları daxilində avtomobil almağa çalışırlar. Bu iki faktoru birləşdirəndə, bu il Azərbaycan həm Gürcüstandan, həm də Almanyadan avtomobil idxalını kəskin artırıb. Hətta Koreyadan bu il avtomobil idxalı artıb. Azərbaycanda maşın salonları banklardan kənar kreditləşmə prosessini də həyata keçirirlər. İl sonunda biz daha böyük rəqəmlərdən danışacağıq”.

Cebhe.info

Bizi Facebook-da izləyin: INdexAzerbaijan