Son 17 ildə regionlardan vergi yığımları 23 dəfədən çox artıb

2020-ci ildə Azərbaycanda regionlardan vergi daxilolmaları 2018-ci illə müqayisədə 23,1%, 2003-cü illə müqayisədə isə 23,2 dəfə çox olub.

İndex bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb.

Proqnoz tapşırıqları bu ilin 6 ayında da uğurla icra edilib və ərazi vergi orqanları büdcəyə 388,4 milyon manat proqnoza qarşı 462,6 milyon manat vəsait ödəyiblər. Bununla da, proqnoza 119,1% əməl edilib. Həmçinin yerli mənbələr üzrə büdcəyə ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 milyon manat və yaxud 6,7% çox vəsait daxil olub.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergi azad olmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində mühüm rol oynayır.

Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına bu ilin I rübündə qeyri-dövlət sektoru üzrə işçi sayları ötən ilin eyni dövrü ilə müqayisədə 13 %artıb, cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektor üzrə dövlət büdcəsinə 36,1%, işsizlikdən sığorta üzrə isə 5% çox vəsait yönləndirilib.

Hesabat dövründə regionlarda iqtisadi aktivlik müşahidə olunub, ötən ilin cari dövrü ilə müqayisədə vergiödəyiciləri tərəfindən təqdim edilmiş dövriyyə məbləğləri 21,6% artıb. Habelə cari ilin iyulun 1-nə regionlar üzrə aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6% artıb, hesabat dövründə qeydiyyata alınan obyektlərin sayında isə ötən ilin analoji dövrü ilə müqayisədə 15,5% artım müşahidə edilib.

Bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, bir tərəfdən büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə regionların maliyyə imkanlarının yaxşılaşmasına əsas verir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan