Pərakəndə ticarət dövriyyəsi 3% artıb

2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

İndex.az xəbər verir ki, bu barədə Statistika Komitəsindən bildirilib. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 2,8% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 13,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6%-i ticarət müəssisələri, 49,5%-i fərdi sahibkarlar tərəfindən, 22,9%- isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7%, fərdi sahibkarlar üzrə 0,5% artmış, bazar və yarmarkalarda isə 11% azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan