Dərs vəsaitlərində şagirdlərin yaşına uyğun olmayan informasiyalar verilir - DİQQƏT!

Kamran Əsədov: “Məktəbli gündəliklərində, iş dəftəri və albomlarda, çantalarda reklam qaydalarına riayət olunmur”

Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. “Reklam haqqında qanun”un 12-ci maddəsində bilavasitə azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə yönəlik reklamlarda zərərli reklamlar qadağan edilir.

Hədəf kütləsi məktəblilər, gənclər olduğu üçün onların inkişafına yönəlik reklamların olmasına cavab olaraq, Prezident İlham Əliyev bir neçə il əvvəl “Təhsil Haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncamda bildirilir ki, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Eləcə də yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Təəssüf ki, hələ də buna əməl edən yoxdur. Belə ki, orta məktəblər üçün nəzərdə tutulmuş bəzi dərs vəsaitlərinin üzərində yerləşdirilən reklam xarakterli yazılar məktəblilərin valideynlərini ciddi şəkildə narahat edir. Qeyd olunur ki, bir sıra şirkətlərin məktəblilərin yaş həddi və psixologiyasına uyğun olmayan reklamları azyaşlıları yanlış istiqamətləndirə bilər.

“Dərs vəsaitlərində şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmayan informasiyalar verilir”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, hazırda ölkənin 4447 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin Sərəncamına əsasən bütün şagirdlərə dərsliklər pulsuz verilir: “Reklam haqqında və dərslik siyasəti haqqında qanuna əsasən, orta ümumtəhsil müəssisələrinə məxsus dərsliklərdə reklam məlumatları verilə bilməz. Burada yalnız dərsliyi çap edən nəşriyyatın adı qeyd olunur. Təəssüf ki, məktəbli gündəliklərində, iş dəftəri və albomlarda, çantalarda bu qaydaya riayət olunmur, qanunvericiliyin tələbi ciddi şəkildə pozulur. Burada bir çox şirkətlərin, qurum və təşkilatların reklam materialları öz əksini tapır. Bunu məktəbli gündəliklərində hər dəfə müşahidə edirik. Hətta gündəliyin üzərində mobil operatorların reklamları yerləşdirilir: “Gəncsən” – gecə saat 00:0-dan səhər saat 08:00-a qədər pulsuz danış, SMS-ləş” və s. Şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmayan informasiyalar verilir. Bu vəsaitlərə ciddi şəkildə nəzarət edilməlidir”.





©Bakı Xəbər

Bizi Facebook-da izləyin: INdexAzerbaijan