Prezidentin İrana səfir təyin etdiyi Əli Əlizadə kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfiri dəyişdirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əlavə, Ə.Əlizadə Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin olunub.

İndex.az Azərbaycanın İrandakı yeni səfirinin tərcümeyi-halını təqdim edir:

Əli Əlizadə 21 iyun 1978-ci ildə anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.

2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib.

2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb.

2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.

2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib.

Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində vəzifəsindən geri çağrılıb.

Ə.Əlizadə 2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı ilə təltif olunub. 2014-cü ildə isə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı" adına layiq görülüb.

2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2019-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

İngilis, rus, türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan