3 ildir VÖEN-in ləğvi üçün müraciət edib, hələ də borc yazılır

Jurnalist Rövşən Əsədov adına fiziki şəxs kimi açdırdığı VÖEN-i 3 ildir ləğv etdirə bilmir.

İndex.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan R. Əsədov bildirib ki, 2018-ci ildə VÖEN açdırsa da, 1 il sonra çalışdığı iş yerindən ərizə yazaraq ayrılıb: “2019-cu ildə müvafiq vergi idarəsinə yaxınlaşaraq onun ləğv edilməsiylə bağlı ərizə yazdım. Əməkdaş mənə bildirdi ki, VÖEN-in fəaliyyətinə xitam verilib, ləğv prosesinə göndərilib.

Mən bu zaman əməkdaşdan hər hansı borcumun olub-olmamasıyla maraqlandım. Dedilər ki, yoxdur. Əvvəl bildirdilər ki, ləğv müddəti uzun çəkir, ancaq VÖEN-in fəaliyyəti dondurula bilir. VÖEN-in fəaliyyətinin dondurulmasıyla bağlı mənə sənəd də verdilər.

2021-ci ildə mənə mesaj gəldi ki, 152.70 qəpik borcum yaranıb. İdarəyə yaxınlaşdım, borcun necə yarandığını aydınlaşdırmalarını istədim. Dedilər ki, axırıncı hesabatı göndərməmişəm. Mən də bildirdim ki, əvvəl əməkdaş borcumun olmadığını və fəaliyyətin dondurulacağını demişdi. Bu necə ola bilər ki? Araşdırmalardan sonra 152 manatdan 86 manatın əsassız borc olduğunu qeyd etdilər. 66 manatı yerindəcə ödədim. Məsələnin bağlandığını dedilər.

3 ildir VÖEN-in ləğvi üçün müraciət edib, hələ də borc yazılır

Bu günlərdə yenə borcla bağlı mesaj gəldi. Sistemdə 1 manat borc göstərir. Hər dəfə borcun yaranmayacağını, VÖEN-nin ləğv ediləcəyini bildirsələr də, eyni vəziyyət təkrarlanır. Məsələ məbləğin az və ya çox olmasında deyil. Sadəcə maraqlıdır ki, bir vətəndaşın 3 il ərzində niyə VÖEN-i ləğv edilmir?! Niyə vergi qurumu tərəfindən vətəndaşa bu qədər əziyyət verilir? Axı mən sahibkar deyiləm, sadəcə 1 illik çalışıb işdən çıxdığım müəssisəyə görə VÖEN açdırıb daha sonra bağlanılması üçün müraciət etmişəm. Sonuncu dəfə müvafiq vergi idarəsinə yaxınlaşdım, dedilər 1 manat yox, 17 qəpik borcum var. Mən də 1 manat ödədim ki, daha borc yazmayın!”

“Qafqazinfo” R. Əsədovun müraciəti ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildirilib ki, artıq VÖEN-in ləğvetmə prosesinə başlanılıb. Proses bir neçə strukturdan keçməlidir: "Amma vətəndaşın problemi nəzarətdədir, məsələ öz həllini tapacaq".

Bizi Facebook-da izləyin: INdexAzerbaijan