“Azərsu” rəsmisi abunəçilərdən şikayətləndi - VİDEO

Son vaxtlar “Azərsu” ASC suya borcu yaranan şəxslərə qarşı sərt tədbirlər görür.

İndex.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, vətəndaşlar arasında illərlə suyun ödənişini etməyən abunəçilər var:

“Bu gün qanunsuz istifadənin qarşısını almaq məqsədilə gördüyümüz tədbirlər nəticəsində aşkarlayırıq ki, bəzi şəxslər 1-2 ildir su xətti çəkməsinə baxmayaraq, “Azərsu”da uçotu yoxdur. Qanunvericiliyə görə həmin şəxsin su təminatını dayandırmalıyıq, amma biz onu abunəçi kimi sistemimizə qəbul edirik. Bakının ətraf ərazilərindən həmişə şikayət yazırdılar ki, yayda 3 maşın su gətirib, 60 manat pul ödəyirlər. Biz qəsəbəyə su çəkdik və təhlillər apardıq. Məlum oldu ki, bir ayda 60 manat suya pul verib alan şəxslər bu gün 17-18 manat aylıq borcunu ödəmir. Nəzərə almaq lazımdır ki, bizim xidmət səviyyəmiz də ödənişdən asılıdır. Bununla əlaqədar “Azərsu” ASC son vaxtlar suya borcu olan vətəndaşlara qarşı çox ciddi tədbirlər görür. Hətta bir neçə jurnalist belə suyu kəsilməsin deyə hissə-hissə ödəniş üçün məndən xahiş edib. Jurnalist var ki, bu gün 600 manatdan çox borcu var. Bəzi şəxslər isə 7-8 ildir suyun ödənişini etmir. Asfaltlanmış yollarda yeraltı xətlər olduğu üçün onların suyunu kəsmək imkanımız yoxdur”.

A. Cəbrayıllı onu da qeyd edib ki, qanunsuz sudan istfadə ilə əlaqədar vətəndaşla sövdələşməyə gedən qurumun bir neçə əməkdaşı işdən azad edilib:

“Bu ilin 6 ayında 10 minə yaxın qanunsuz su xətləri aşkar etmişik. Onların çoxu qeyri-əhali və bağ massivləridir. Bəzi hallarda görürük ki, onlar əməkdaşlarımızla da sövdələşməyə gedir. Buna görə kifayət qədər əməkdaşımızı Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən işdən azad etmişik”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan