Dövlət büdcəsinə daxil olan gömrük rüsumları 16%-ə yaxın artıb

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 424 milyon 32 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur.

İndex.az xəbər verir ki, DGK-nın dərc etdiyi göstəricilərə görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% artaraq 657 milyon 18,4 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 2,5% azalaraq 1 milyard 649 milyon 758 min manata bərabər olub.

Aksizlər üzrə yanvar-iyul aylarıda daxilolmalar 92 milyon 736,7 min manat təşkil edib və illik 18,2% artıb.

Yol vergisi üzrə daxilolmaların həcmi 24 milyon 519,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 13,8% artıb.

Bu ilin iyul ayında Komitənin xətti ilə dövlət büdcəsinə 385 milyon 796,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 13,4%, bu ilin iyun ayı ilə müqayisədə isə 2,5% artıb.

Bu ilin iyul ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,2% artaraq 99 milyon 471,3 min manat olub. Bu ilin iyun ayı ilə müqayisədə isə bu göstərici 4,6% azalıb.

Həmçinin, cari ilin iyul ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 10,9% artaraq 267 milyon 642,1 min manat (bu ilin iyun ayı ilə müqayisədə 5,9% artıb), aksizlər üzrə 14 milyon 909,8 min manat (iyun ilə müqayisədə 4,9% azalıb, illik 26,2% artıb), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 773,7 min manat (aylıq 3,5%, illik 32,9% artıb) təşkil edib.




©APA

Bizi Facebook-da izləyin: INdexAzerbaijan