“Azəri-Çıraq-Günəşli” yataqlarına çəkilən xərclər 9% azalıb

Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə xərclər 1,112 milyard ABŞ dolları təşkil edib.

Index.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% azdır.

O cümlədən AÇG üzrə əməliyyat xərcləri 0,75% azalaraq 266 milyon dollar, əsaslı xərclər isə 10,7% azalaraq 846 milyon dollar olub.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin I yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.

İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam edib. Sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması üzrə mühəndis-layihə işləri II rübdə başa çatıb.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam edib. Bu işlərə aşağıdakılar daxildir: qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi. Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanılıb. Yaşayış modulları Bakıya çatdırılmış, quraşdırma sahəsində boşaldılmış və ilk üç modul artıq öz mövqeyinə qaldırılıb.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam edib. Mərkəzi dayaq çərçivələrinin qaynaq işləri irəliləyib və dayaq blokunun barjın üzərinə sürüşdürülməsi əməliyyatına hazırlıq işlərinə başlanılıb.

II rüb ərzində həmçinin dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləyib. Bunlara "Şərqi Azəri" platformasında ACE platformasının "Azəri" yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.

Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanıb və bununla bağlı planlaşdırlmış modifikasiya işləri bu ilin IV rübündə başlanacaq.

Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

2021-ci ilin I yarısında AÇG yatağında səmərəli hasilatı maksimuma çatdırmaq üçün məhsuldar layları daha yaxşı öyrənmək və hasilat və suvurma fəaliyyətlərini daha dəqiq planlaşdırmaq məqsədilə AÇG layihəsi çərçivəsində yüksək sıxlıqlı seysmik tədqiqat aparılıb. Altı ay müddətində və üç gəmi vasitəsilə həyata keçirilən tədqiqat fəaliyyətləri təhlükəsiz və qrafikə uyğun şəkildə yerinə yetirilib. Tədqiqat zamanı ekipajlı gəmilərdən əlavə, həmçinin özü idarə olunan suüstü gəmi və məsafədən idarə olunan kiçik ölçülü sualtı qurğudan da istifadə edilib.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan