Restoran və marketlər kartla ödənişdən imtina edir

XXI əsrin tələblərindən biri, hətta birincisi bir sıra sahələrin, xidmət sektorunun elektronlaşdırılmasıdır. Müasir dövrün vaxt azlığından şikayətlənən, daim tələsən insanı üçün onlayn xidmətləri əlavə bonus adlandırsaq, yanılmarıq. Azərbaycanda bir çox sahələrdə prosedurların elektronlaşdırılması, elekton ödənişlərin təşviqi, eləcə də “Elektron hökumət”in formalaşdırılması baxımından böyük işlər görülb.

Qeyd etdiyimiz kimi, nağdsız ödənişlərin həcminin artırılması hökumət tərəfindən qarşıya qoyulmuş əsas məqsədlərdən biri sayılır.

İndex.az xəbər verir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə cərimələr tətbiq olunur. İl ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə 3.000 manat, üç və daha çox hallarda isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bu mövzu ilə bağlı qanunvericilikdə cəza tədbirləri qeyd olunsa da, bəzi restoran, kafe, dükanlar hələ də kartla ödəniş edilməsinə qarşı çıxır. Bu hal ən çox bölgələrdə qeydə alınır.

“Kartla əməliyyatların həcminin artması barədə stimullaşdırıcı tədbirlər görülməlidir”

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, plastik kartlar daha təhlükəsizdir: “Nəzərə almaq lazımdır ki, nağd pulu itirmək, oğurlatmaq təhlükəsi var. Plastik kartı oğurlasalar da, ondan istifadə etmək mümkün deyil. İtəndə banka gedib yenisini çıxara bilirsən. Digər yandan bütün dünyada bundan geniş istifadə edilir”.

Millət vəkili də bildirdi ki, kartla ödənişi qəbul etməyən sahibkarlara maliyyə sanksiyaları tətbiq edilir: “195 telefon çağrı mərkəzi”nə zəng etməklə vətəndaş bununla bağlı öz şikayətini bildirə bilər. Bu müraciətlər dərhal nəzarətə götürülür və əksər hallarda plastik kartla ödənişdən imtina edən sahibkarlar cərimələnir. Bununla bağlı qanunda müddəalar var. İlk dəfə olduqda 1000 AZN, ikinci dəfə 3000 AZN, üçüncü dəfə isə 6000 AZN məbləğində cərimə nəzərdə tutulub”.

V.Bayramovun sözlərinə görə, kartla əməliyyatların həcminin artması barədə stimullaşdırıcı tədbirlər görülməlidir. “ƏDV geri al” layihəsi vətəndaşlar arasında xüsusi maraq yaradıb: “Demək olar ki, hər kəs daxil olan çekləri qeydiyyatdan keçirir və bu yolla gəlir əldə edir. Bu sahədə də oxşar texnologiyalar tətbiq edilməlidir. Nəzərə alanda ki, bu yolla külli miqdarda vəsait vergidən yayındırılır və nəticədə dövlət büdcəsinə böyük zərər dəyir, bu addımlar qaçılmazdır. Onsuz da stimullaşdırıcı aksiyalarda geri qaytarılan vəsaitlər ümumi itkinin cüzi hissəsini təşkil edəcək. Bununla da plastik kartlardan istifadə mədəniyyətini formalaşdıra biləcəyik. Digər yandan, banklarda olan vəsaitlərin nağdlaşdırılması prosesi sadələşdirilməlidir. Belə olarsa, zamanla bu sahədə olan hərcmərcliyi, özbaşınalığı aradan qaldırmış olarıq”.




©Bakı Xəbər

Bizi Facebook-da izləyin: INdexAzerbaijan