Bu obyektlər "ƏDV geri al" layihəsini sabotaj edir

Artıq bir ilə yaxındır ki, ölkədə istehlakçılar, neft və qaz məhsulları istisna olmaqla, aldıqları digər mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən hissəsini geri ala bilir.

İndex.az xəbər verir ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini geri almaq hüququna malikdir.

Məlumat üçün qeyd edək ki, supermarket, digər pərakəndə ticarət obyektləri, restoran, kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması vacib sosial addımdır və əhali bundan faydalanır. Belə ki, vətəndaş nəzarət-kassa aparatının qəbzində yer alan 12 simvollu fiskal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməklə və ya QR kod vasitəsilə ƏDV-nin bir hissəsini geri ala bilər.

Ancaq istehlakçıların ƏDV-ni geri alması heç də asan başa gəlmir. Bir çox hallarda ƏDV çeki alıcıya alış üçün ödənilən qəbzlə birlikdə verilmir, alıcı ƏDV çekini özü istəməsə, qarşı tərəf onu istehlakçıya verməyə qətiyyən maraq göstərmir, onun bu istəyini hətta narazılıqla qarşılayır. Bəzən ƏDV-nin çekini istəyən istehlakçı bunu birbaşa kassirdən almalı olduğu halda, kassir tərəfindən müştəri xidmətlərinə yönəldilir. Bu, istehlakçının hüquqlarını pozmaqla yanaşı, onun üçün vaxt itkisinin yaranmasına da səbəb olur.

“Hansısa market və ya iaşə obyekti fiskal kodu gizlədirsə, bu, cinayət tərkibli məsələdir”

İqtisadçı alim Fuad İbrahimov bildirdi ki, “ƏDV geri al”-ın əhatə etdiyi fəaliyyət növləri qanunvericilikdə öz əksini tapıb: “Bunun üçün ticarət və iaşə obyektlərinin müvafiq posterminalları olmalıdır. Vergilər Xidməti tərəfindən bütün müəssisələrdə posterminallar tətbiq edilib. Hansısa market və ya iaşə obyekti fiskal kodu gizlədirsə, bu, cinayət tərkibli məsələdir. Vergi Xidmətlərinin istintaq idarələri var və bu faktları araşdırıb, qanunu pozanları məsuliyyətə cəlb edə bilərlər”.

Onun sözlərinə görə, fiskal kodlarsız çeklərin verilməsi faktı daha çox kiçik mağazalarda müşahidə edilir.




©Bakı Xəbər

Bizi Facebook-da izləyin: INdexAzerbaijan