Ekspertlər AMB-nin uçot dərəcəsini iqtisadiyyat üçün effektiv vasitə saymır

Azərbaycanda uçot dərəcəsi 1 ildən çoxdur ki, 6-7% arasında dəyişir. Azərbaycan Mərkəzi Bankı (AMB) sonuncu dəfə banklara verdiyi kreditlərin illik faizini ötən il dekabrın 18-də dəyişib və 6,25% müəyyən edib. O vaxtdan bəri qurum uçot dərəcəsini sabit saxlayır.

Bununla belə, bankların əmanətçilərə təklif etdiyi illik gəlirlilik uçot dərəcəsi ilə müqayisədə xeyli yüksəkdir. Bu, ölkədə əmanətlərin sığortalanma faizinin də aşağı düşməsinə imkan vermir. Ötən il iyunun 1-dən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) manatla yerləşdirilən əmanətlər üzrə sığortalanma faizini 12% müəyyən edib və 1 ildən çoxdur ki, dəyişmir. Bu isə bankların AMB-nin kredit resurslarından faydalana bilməməsi, əhalidən vəsait cəlb etməkdə maraqlı olmaları təsəvvürü yaradır. Müstəqil ekspertlər də hesab edirlər ki, AMB-nin uçot dərəcəsi effektiv vasitə deyil.

"AMB-nin uçot dərəcəsi formaldır"

Məsələn, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov tənzimləyici qurumun uçot dərəcəsi ilə bağlı qərarlarının formal xarakter daşıdığı qənaətindədir: “Əslində banklar əmanətlərin hesabına kredit verməlidirlər və dar ayaqda maliyyələşmə üçün AMB-yə müraciət etməlidirlər. Uçot dərəcəsi ilə əmanət faizlərindən yüksək olmalıdır. Bizdə isə tərsinədir. Hamı bilir ki, hər bank AMB-dən kredit ala bilmir.

Dünya təcrübəsində mərkəzi bankar uçot dərəcəsi ilə qısamüddətli kreditlər verir. Bu da bankların müvəqqəti likvidlik probleminin həlli üçündür. Əgər bankın verdiyi kreditlər vaxtında qaytarılmırsa və onun da götürdüyü kreditlərin qaytarılmasında problem yaranırsa, bu zaman başqa banklardan qısamüddətli vəsait cəlb edə bilməyən bank mərkəzi banka müraciət edir. Bizdə isə AMB uzunmüddətli kreditlər də verir. Çünki qurum daim verdiyi kreditlərin müddətini hər 6 aydan bir uzadır, həm də hər banka kredit vermir. Həmin prosedur da qeyri-şəffafdır. Bu baxımdan AMB-nin uçot dərəcəsi formaldır".

"AMB uçot dərəcəsini 2-4%-ə salmalıdır"

İqtisadçı-ekspert Natiq Cəfərli də təxminən eyni fikirdədir: "Dünyada əmanət faizləri çox vaxt mərkəzi bankların uçot dərəcəsinə yaxın olur. Bizdə isə vəziyyət fərqlidir. Bu da ondan xəbər verir ki, bankların əmanətə ehtiyacı var, yəni onsuz kredit verə bilmirlər. Azərbaycanda əlavə maliyyə alətləri isə yox dərəcəsindədir. Qiymətli kağızlar bazarı yoxdur, başqa iqtisadi alətlər yoxdur ki, banklar istifadə edə bilsinlər.

Əgər kredit təşkilatları əmanət faizlərini 5-6%-ə endirsələr, banklardakı vəsaitlərin kütləvi geri çəkilməsinin şahidi ola bilərik. Çünki indi 10-12% gəlirlilik var deyə, insanlar manatda vəsaitini saxlamağa qərar verirlər, əgər faizlər aşağı düşsə əhali vəsaitlərini daşınmaz əmlak və bu kimi başqa alətlərdə saxlamağa üstünlük verəcək. Amma onu da nəzərə almaq lazımdır ki, əmanət faizlərinin yüksək olması təbii olaraq kredit faizlərinin də yüksək olmasına səbəb olur. Bizdə kreditlərin faiz dərəcəsi çox yüksəkdir. Bu, açıq görünür. İş adamları yüksək faizlə kredit götürəndə isə satdıqları məhsulun üzərinə həmin faizlər gəlir. Bu isə iqtisadiyyatda inflyasiyanı sürətləndirir. Hansı ki, AMB onu cilovlamağa çalışır. Ona görə də qurum uçot dərəcəsini bir qədər də azaldaraq 2-4% civarına salmalıdır".




©Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan