Bu taksi xidmətinin dəyəri 5 milyard dollara yaxınlaşır

Estoniyanın onlayn taksi sifariş xidməti, Azərbaycanda da çox istifadə olunan tətbiqetmələr arasında olan Bolt (keçmiş Taxify) bazar dəyərini artırıb.

İndex.az xəbər verir ki, şirkət özəl maliyyələşmə raundunda investorlardan 713 milyon dollar vəsait cəlb edib.

Bu dəfəki investorlar arasında vençur kapital şirkəti Sequoia, maliyyə menecment firmaları Tekne və Ghisallo, həmçinin daha əvvəl də Bolt-a sərmayə yatırmış G Squared, D1 Capital və Naya şirkətləri olub. Hazırkı maliyyələşmə ilə Bolt öz bazar dəyərini ötən ilə nisbətən ikiqat artıraraq, 4,75 milyard dollara çatdırıb.

Bolt hazırda taksi fəaliyyəti ilə bərabər, əsas diqqətini ərzaq çatdırılma biznesinə yönəldir. Şirkət növbəti aylarda 10-dan çox Avropa ölkəsində, o cümlədən İsveç, Portuqaliya, Xorvatiya və Rumıniyada 15 dəqiqə ərzində ərzaq çatdırılma şəbəkəsini işə salmağı planlaşdırır.

Xatırladaq ki, Avropadakı ən iri çatdırılma xidmətlərindən biri, Türkiyə şirkəti “Getir” iyun ayında 7,5 milyard dollar qiymətləndirilmişdi.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan