Image description

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilib.

Bu barədə dövlət başçısı İlham Əliyevin fevralın 22-də imzaladığısərəncamda bildirilib.

Sərəncamda qeyd olunub ki, cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Prezidentlə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə verilir:

“Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; dividend siyasətinin təsdiq edilməsi; qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi; xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi”.

Eyni zamanda, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılıb: “Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək”.

Azərbaycan İnvestisiya Holdinqi 2020-ci il avqustun 7-də yaradılıb.

Holdinqin Müşahidə Şurasının sədri Baş nazir Əli Əsədovdur.