Image description

Azərbaycanda ilk dəfə Sumqayıtda “ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib. Sakinlər bu tətbiqi telefonlarına yüklədikdən sonra qarşılaşdıqları müxtəlif problemlərin video və fotosunu çəkib aidiyyəti dövlət qurumlarına göndərə biləcəklər.

İndex.az Xəzər TV-yə istinadən xəbər verir ki, kommunal, yol, nəqliyyat problemlərinin əvvəlcə telefonla video və fotosu çəkilir.

Sonra isə həll edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilir. Şikayəti göndərən şəxs problemin icra olunub-olunmamasını da görə bilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN müraciət” informasiya sistemi yaradılaraq mobil tətbiq istifadəyə verilib. “ASAN müraciət” informasiya sistemindən pilot layihə kimi ilk olaraq Sumqayıt şəhər sakinləri istifadə edə bilərlər. Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir.

Sumqayıt sakinləri qarşılaşdıqları problemlərlə bağlı şikayətlərini aidiyyəti dövlət qurumlarına göndərmək istəyirlərsə, ilk olaraq “ASAN müraciət” mobil tətbiqi telefonlarına yükləməlidirlər.

Qeyd edək ki, “ASAN müraciət” informasiya sistemi qısa müddətdə ölkə ərazisini əhatə edəcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz