Image description

Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna görə, bu il Azərbaycanda ortalama illik inflyasiya 4% təşkil edəcək. Bu ötən proqnozdan 0,5 faiz bəndi çoxdur.

İndex.az xəbər verir ki, bu barədə fondun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanatında deyilir.

Bundan əvvəl, Azərbaycan Mərkəzi Bankı (AMB) bildirmişdi ki, ölkədə inflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. AMB-yə görə, inflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur, lakin ilin qalan dövründə qeyri-monetar amillərin inflyasiyaya təsirinin yüksələcəyinə baxmayaraq inflyasiya proqnozu dəyişdirilməyib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda illik inflyasiya 4,2% təşkil edib. Təkcə mayda isə illik inflyasiya 4,9%-a bərabər olub.

Xatırladaq ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu il Azərbaycanda inflyasiya hədəf diapazonunda qalacaq. Hədəf diapazonu 4±2%-dir.




©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz