Image description

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində əldə edilən uğurların qorunub saxlanılması üçün paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

İndex.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Suraxanı, Nizami, Nəsimi, Binəqədi, Yasamal, Nərimanov və Xətai rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

"Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar", - Mətbuat xidmətindən bildirilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz