Image description

Qlobal pandemiya reklam bazarına da müəyyən yeniliklər gətirib. Vətəndaşların son 3 ay ərzində bu istiqamətdəki axtarışlarını nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) tərəfindən 2-6 iyun tarixlərində sorğu keçirilib.

İndex.az Mərkəzə istinadən xəbər verir ki, sorğuda iştirak edən 481 respondentin 44%-ni qadınlar, 56%-ni kişilər təşkil edib. Hansı növ reklamların daha çox diqqət çəkdiyini müəyyənləşdirmək üçün verilən sualda respondentlərin bir neçə variant seçmək imkanı olub. Nəticələr aşağıdakı kimidir:

Sosial media reklamları – 65,7%;
TV reklamları – 35,1%;
Lövhələrdə olan reklamlar – 27,2%;
İctimai nəqliyyatda yerləşdirilən reklamlar – 23,7%;
Broşür, flayer və kataloqlar (evlərin qapılarına asılanlar və ya küçədə paylanılanlar) – 22,2%;
Obyekt və müəssisələrin qarşısında olan reklamlar – 18,5%.

İkinci suala verilən cavablar əsasında məlum olub ki, küçələrdəki reklam plakatlarına respondentlərin 14,6%-i hər zaman, 43%-i vaxtaşırı diqqət yetirir. Sorğu iştirakçılarının 32%-i bu növ reklamlara çox vaxt diqqət yetirmədiyini, 10,4%-i isə ümumiyyətlə fikir vermədiyini bildirib.

Respondentlərin 51%-i broşür, flayer, kataloq reklamlarını effektiv hesab etməsə də, sorğu iştirakçılarının 49%-i əksini düşünür.

“Hansı növ məhsulların reklamı alıcılıq davranışınıza təsir edir?” sualına respondentlər bir və ya bir neçə cavab variantını seçə bilib.

Sorğu iştirakçılarının 62%-i geyim, 47%-i məişət əşyaları, 46%-i ərzaq məhsulları variantına üstünlük verib. Parfüm və kosmetik vasitələr alarkən reklama diqqət yetirənlər respondentlərin 36%-ni təşkil edib. Cavab verənlərin 18%-i mebel reklamlarının satışa müsbət təsir etdiyini düşünür.

Respondentlərin 44%-i sosial, 24%-i informativ, 14%-i kommersiya, 5%-i isə siyasi reklamların artırılmasının tərəfdarıdır. Sorğu iştirakçılarının 13%-i üçün heç bir reklam maraqlı deyil.

Hansı reklam kanalı effektivdir? - SORĞU NƏTİCƏSİ

Bizi Telegram-da izləyin: t.me/indexaz