Image description

Dünya Bankı Salvadora bitkoinin tətbiq dairəsini genişləndirməyə kömək etməkdən imtina edib. Beynəlxalq kreditor kriptovalyuta mayninqinin şəffaflığı və ətraf mühitə təsiri ilə bağlı narahatlıqlarını açıqlayıb.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“BBC”nin verdiyi məlumata görə, Dünya Bankının rədd cavabı üzündən Salvador bitkoinin 90 gün müddətində qanuni ödəniş vasitəsi kimi tanınmasında bir çox problemlərlə üzləşə bilər.

“Salvadora valyutaların şəffaflığının təmin edilməsi və tənzimləmə prosesləri daxil olmaqla müxtəlif yollarla kömək etməyə hazırıq, – deyə Dünya Bankında bildirilib. – Salvador hökuməti həqiqətən də bizdən kömək istəyib, lakin bu, Dünya Bankının imkanları dairəsindən çıxır”.

Xatırladaq ki, daha əvvəl Salvadorun maliyyə naziri Alexandro Selaya ölkənin bitkoinin tətbiq edilməsi ilə bağlı Dünya Bankına müraciət etdiyini təsdiqləyib. O, Beynəlxalq Valyuta Fondu ilə aparılan danışıqları uğurlu adlandırıb və bu qurumun bitkoinin tətbiq edilməsinə “qarşı olmadığını” qeyd edib.

Bununla belə, keçən həftə BVF Salvadorun bitkoinə keçməsi səbəbindən bir çox “makroiqtisadi, maliyyə və hüquqi problemlərlə” üzləşdiyini açıqlayıb. İyun ayında Salvador bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyan ilk ölkə olub.

Qeyd edək ki, Salvadorun iqtisadiyyatı xaricdən gələn pul köçürmələrindən çox asılıdır – bu, ÜDM-nin təxminən 20%-ni təşkil edir. İki milyondan çox Salvador sakini ölkə xaricində yaşayır və hər il qohumlarına 4 milyard dollardan çox pul göndərir.

Bizi Telegram-da izləyin: t.me/indexaz