Image description

“Amazon”un qurucusu Ceff Bezos tərəfindən yaradılan “Blue Origin” şirkəti, Bezos və onun qardaşı Markı kosmosa aparacaq “New Shepard” gəmisində uçuş biletini hərraca çıxarıb.

İndex.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, uçuş bileti 28 milyon dollara satılıb. Şirkət qalibin adını yaxın həftələrdə açıqlayacağını qeyd edib. “Blue Origin”in verdiyi məlumata görə, hərrac may ayında başlayıb və orada 159 ölkədən təxminən 7.6 min nəfər iştirak edib.

Uçuş iyulun 20-də həyata keçiriləcək. Qardaşı ilə birlikdə kosmosa uçmaq qərarını açıqlayan Bezos, gələcək səyahəti “ən yaxşı dostu ilə ən böyük macəra” adlandırıb və bunu bütün həyatı boyunca arzuladığını vurğulayıb.

Suborbital kosmik uçuş təxminən 10-15 dəqiqə davam edəcək. “New Shepard” kapsulun ekipajla ayrılmasından sonra gücləndirici mərhələdə eniş edəcək, sonra isə Yer səthindən 65 mil (105 km) yüksəkliyə qalxacaq. Son mərhələdə aparat buraxılış yerindən bir neçə kilometr aralıda üç paraşütlə səthə enəcək.

Xatırladaq ki, may ayında “SpaceShip Two Unity” kosmik gəmisinin uğurlu sınaq uçuşu həyata keçirilib. “Virgin Galactic” şirkəti qurucusu ingilis Riçard Brensonun da kosmosa uçuş planlaşdırdığını açıqlayıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz