Image description

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 104,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8%, qeyri-ərzaq məhsulları üzrə 103,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4% təşkil etmişdir.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0%, əvvəlki ilin may ayına nisbətən 104,9% təşkil etdib

2021-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,4%, əvvəlki ilin may ayına nisbətən 105,2% təşkil edib.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, limonadın, arağın, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6%, əvvəlki ilin may ayına nisbətən 104,4% təşkil etmişdir. Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, kərpicin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, toz şəklində sintetik yuyuсu vasitələrin, ucuzlaşma isə paltaryuyan maşınların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, əvvəlki ilin may ayına nisbətən 104,8% təşkil edib.

Bu ilin may ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri və kimyəvi təmizlənməsi, ayaqqabı, mebel və məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, tibbi, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizi Telegram-da izləyin: t.me/indexaz