Image description

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask – dünyanın ən varlı adamlarından biri – 2018-ci ildə gəlir vergisindən yayınıb.

Index.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir. Milyarderin açıqladığı deklarasiyaya görə, o, ABŞ federal büdcəsinə bir sent belə ödəməyib.

Ən varlı amerikalıların – “Amazon”un qurucusu Ceff Bezosdan investor Uorren Baffetə qədər – vergidən yayınma sxemlərini “ProPublica” jurnalistləri “Forbes”un hesabladığı gəlirlə müqayisə edərək aşkarlayıblar. Araşdırmada deyilir ki, 2014-cü ildən 2018-ci ilə qədər orta təbəqədən olan ABŞ ailəsinin gəlir vergisi 14% olsa da, Mask bunun cəmi 3.27%-ni ödəyib.

“Maskın vergi bəyannamələri heç bir şəkildə onun sahib olduğu sərvəti əks etdirmir, – deyə “ProPublica” yazır. – 2015-ci ildə iş adamı 68 min dollar, 2017-ci ildə 65 min dollar, 2018-ci ildə isə 0 dollar ödəyib. Beləliklə, 2014-2018-ci illər arasında onun ödədiyi real vergi dərəcəsi 3.27% təşkil edib”.

Dünyanın ən varlı adamı Ceff Bezos isə 2007-ci ildə 46 milyon dollar qazansa da, ABŞ büdcəsinə heç nə köçürməyib. “Forbes”a görə, milyarder 2006-2018-ci illərdə sərvətini 127 milyard dollar artırıb, lakin onun real vergi dərəcəsi cəmi 1.1% təşkil edib.

Qeyd edək ki, “ProPublica” araşdırmasında 2016 və 2017-ci illərdə gəlir vergisi ödəməyən siyasətçi Maykl Blumberq və maliyyəçi Karl Aykan da daxil olmaqla, ABŞ-ın digər varlı insanları yer alıb.

Jurnalistlər yazırlar ki, bir çox top-menecerlər daha az vergi ödəmək üçün əmək haqqını qəsdən aşağı göstərirlər. Məsələn, “Facebook”un rəhbəri Mark Çukerberq rəsmi olaraq ildə cəmi 1 milyard dollar qazanıb. Bunun səbəbi ABŞ-da əmək haqqından tutulan verginin çox yüksək olmasıdır.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz