Image description

Bakı şəhər Səbail rayonunda yerləşən “Yeni şəhər” yaşayış kompleksinin sakinləri, kompleksin ərazisində rəhbərlik tərəfindən qanunsuz obyekt tikildiyi iddia edilir.

İndex.az xəbər verir ki, adlarının açıqlanmasını istəməyən sakinlər Yeniavaz.com-a danışarkən, bu addımın yaşayış kompleksinə nəzarət işini həyata keçirən Məmməd İsmayılov tərəfindən atıldığını iddia ediblər:

“Şəhərcikdə bizim yaşadığımız 3-4 binanın arasında ərazi var idi. Bizə ev satılanda təqdim olunan planda, həmin yerdə bağ olacağı göstərilirdi. Amma bağ yox idi. Boş ərazi kimi qalırdı. Biz Səbail Rayon İcra Hakimiyyətinə bununla bağlı şikayət etdik. İcra hakimiyyətindən “Bəy Mamed” ləqəbli Məmməd İsmayılova göstəriş verildi ki, həmin ərazidə bağ tikilsin. Bağ adı ilə işə başlayıb, əvvəl həmin ərazini hasara aldılar, bir-iki ağac əkdilər. Sonra başa düşdük ki, burada bağ adı ilə obyekt tikilir. Səs-küydən evdə oturmaq olmur. Həmin ərazi ilə binaların arasında heç 1 metr də məsafə yoxdur. Tikilən obyekt camaatın pəncərəsinin qarşısını kəsir. Dəfələrlə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişik, amma icra hakimiyyəti heç bir reaksiya verməyib. Cammatın narazılığı nəzərə alınmır. Bu tamamilə qanunaziddir. “Bəy Mamed”in özü ilə də danışanda, deyir ki, hara gedirsiniz, kimə şikayət edirsiniz, edin”.
Sakinlər Məmməd İsmayılovun Azərbaycan Respublikası Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin “adamı” olduğunu, buna görə də dövlət qurumlarının məsələ ilə bağlı heç bir addım atmadığını iddia ediblər.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Açıq internet resurslarında “Yeni Şəhər” yaşayış kompleksinə məxsus nə səhifə, nə də əlaqə saxlamaq üçün telefon nömrəsi mövcud deyil.

"Binaların arasında qanunsuz obyekt tikirlər, Səbail icra hakimiyyəti reaksiya vermir" – İDDİA


Bizi Telegram-da izləyin: t.me/indexaz