Image description

Qırğız Respublikası yalnız COVID-19 virusuna qarşı peyvənd olunmuş turistlərin ölkə ərazisinə daxil olmasına icazə verməyi planlaşdırır.

İndex.az “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə respublikanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Turizm Departamentinin direktor müavini Kiyal Kenjematova bildirib.

“Qırğızıstanda turizm mövsümünün başlanması ilə Turizm Departamenti tərəfindən koronavirus pandemiyası dövründə bu sahənin inkişafına dair alqoritm işlənib hazırlanıb. Orada qeyd olunub ki, əcnəbi səyahətçilər COVID-19 virusuna qarşı peyvənd olunduqları təqdirdə ölkəyə səfər edə biləcəklər”, - o deyib.

Onun sözlərinə görə, hazırda Xarici İşlər Nazirliyində bu alqoritm nəzərdən keçirilir. “Bundan başqa, təhlükəsizlik məqsədilə bütün turistlər sanitar tələblərə riayət etməli olacaqlar”, - məmur qeyd edib.

Bizi Telegram-da izləyin: t.me/indexaz