Image description

Mayın 31-i Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur. Artıq vətəndaşlar həmişə olduğu kimi səhər saat 6-dan gecə saat 12-dək metrodan istifadə edə biləcəklər.

İndex.az xəbər verir ki, Xezerxeber.az-a istinadən verdiyi məlumatına görə, bununla əlaqədar olaraq metropolitendə bütün işlər demək olar ki, yekunlaşıb.

Stansiyaların girişindən tutmuş qatarların içərisinədək hər yer dezinfeksiya olunub. Pandemiya ilə əlaqədar metropolitendə daimi olaraq dezinfeksiya işləri davam etdirilərək əsaslı və cari olmaqla iki istiqamətdə aparılacaq. Əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunacaq.

Stansiyaların girişlərində sərnişinlərin hərarəti yoxlanacaq. Yüksək hərarəti olan vətəndaşlar metropoliten ərazisinə buraxılmayacaqlar. Bundan başqa, sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual və statik məlumatlandırılması üsullarından istifadə olunacaq. Metropolitenin stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qatarların hərəkəti ən optimal hərəkət qrafiki ilə təmin ediləcək. Yəni sərnişin sıxlığından, gur saatlardan asılı olmayaraq qatarlar mümkün texniki ən optimal hərəkət qrafikinə malik olacaqlar.

Qurum rəsmisi onu da əlavə edib ki, metropolitenin "Elmlər Akademiyası" stansiyasının hər iki yolunda bir müddətdir həyata keçirilən köhnə ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsi işi də başa çatdırılıb.

Xatırladaq ki, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci ilin oktyabrın 16-dan etibarən dayandırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizi Telegram-da izləyin: t.me/indexaz