Image description

Ötən il Azərbaycanda əhalinin gəlirləri ilə yanaşı, əmanətlərində də azalma qeydə alınıb, yığıma meyillilik əmsalı azalıb.

İndex.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“İl ərzində əhalinin əmanətləri üzrə 5,3% azalma müşahidə edilib. Uzunmüddətli karantin rejimi ev təsərrüfatları tərəfindən maliyyələşdirilən istehlak xərclərinin azalması ilə nəticələnsə də, bu azalma yığımın yüksəlməsi ilə nəticələnə bilməmiş, əksinə, əhali əmanətlərinin əhali gəlirlərinə nisbətini ifadə edən yığıma meyillilik əmsalı azalıb. İstehlak xərclərinin azalması müqabilində gəlirlərin yığıma yönəldilən hissəsinin üstün mövqe qazanmaması əhali gəlirlərinin real ifadədə azalması ilə izah oluna bilər.

Mlli hesablar sisteminə dair statistik göstəricilər üzrə apardığımız təhlillərə əsasən, son illər ərzində sərəncamda qalan gəlirlərin strukturunda dəyişikliklər izlənməkdədir. Belə ki, əvvəlki illərdə son istehlak xərcləri və qənaət, təxminən, eyni xüsusi çəkilərə sahib idisə, son illərdə pay üstünlüyü istehlak xərclərinin xeyrinə dəyişməyə davam etməklə, qənaəti 2 dəfəyə yaxın üstələməkdədir.

Məsələn, 2018-ci ildə son istehlak xərcləri 51 745,1 milyon manat olduğu halda, qənaət 26 381,3 milyon manata bərabər olub. Sözügedən tendensiya devalvasiya dalğalarından etibarən müşahidə olunduğu üçün məzənnə təsiri səbəbindən qiymət artımı ilə əlaqədar istehlak xərclərinin yüksəlməsi və bu artımın qarşılanması məqsədilə qənaətin istifadə edilməsi ilə əlaqəli ola bilər”, - rəydə qeyd olunub.






©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz