Image description

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

İndex.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, hazırda ölkəmizdə və dünyada koronavirus (COVID-19) epidemiyası ilə mübarizə tədbirləri davam etməkdədir və onun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin intensivləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə karantinə götürülmüş müəssisələrdə vətəndaşlara genişmiqyaslı xidmətlər göstərilməkdədir.

Bununla əlaqədar, yuxarıda göstərilən xidmətlərin davamlılığının təmin olunması zəruriliyini nəzərə alaraq, göstərilən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsinin müddəti 2021-ci il yanvarın 1-dən martın 31-dək uzadılıb.