Image description

"AzFinance" investisiya şirkətinin direktoru İntiqam Səfərəliyevin Index.az-a müsahibəsi:

İllərdir "GoldenPay" şirkəti IPO (İlkin Kütləvi Yerləşdirmə - izahı müsahibənin sonunda) üçün hazırlıq aparırdı. Amma nəticə hamıya məlumdur - IPO baş tutmadı. Sizcə səbəb nədir?

Təəssüf ki, bu şirkətin uzun müddət hazırlıq prosesi keçməsinə baxmayaraq, bizimlə heç vaxt görüşü və müzakirəsi olmayıb. Elə buna görə, IPO baş tutmayıb (gülür). Ciddi yanaşsaq, IPO olmayıb axı, biz də baş tutması barədə bir fikir bildirək. Ola bilsin, hansısa mərhələdə qərarı dəyişiblər və ya ertələmək qərarı veriblər. Təəssüf edirəm. Reallıqda biz bu barədə yalnız mətbuatdan eşitmişik və səbəbi izah etmək çətindir.

Bazar və konkret şirkətlər IPO keçirməkdə niyə maraqlı deyil?

Bazar iştirakçıları IPO olmasını dəstəkləməyə hazırdırlar. Bunun üçün ciddi layihələrimiz var və yəqin yaxın vaxtlarda açıqlanacaq. Dövlətin də dəstək proqramı olmalıdır. IPO edəcək şirkətlər əsasən böyük istehsalçılar olmalıdırlar. Bu şirkətlərin rəhbərləri isə ciddi işlə məşğul olan insanlardır. Biri ilə görüş keçirmişdik. Bir saatlıq görüşdə mövzuya girmək belə mümkün olmadı. IPO ilə bağlı layihəni şirkətin əsas səhmdarı şəxsən özü başlamalı və idarə etməlidir. Bu işə azı 6 ay, gündə 2-3 saat vaxt ayırmalıdır. Restrutizasiya, kapitallaşma, korporativləşmə kimi layihələri həyata keçirmək lazımdır ki, şirkət IPO-ya hazır olsun. Bütün bu proseslərdə biz yanlarında olacağıq. Lakin sonadək getmək üçün ciddi iradə olmalıdır ki, bu iradəni də şirkətin sahibi ortaya qoymalıdır. Şirkətlərin sahibləri 2-3 ilə 5-10 dəfə böyüməyi hədəf qoymalıdır ki, IPO etməklə buna nail olmaq istəsin.

Sosial şəbəkə hesabınızda qeyd etmisiniz ki, 4-5 şirkət üçün IPO keçirməyin vaxtı çatıb. Hansı şirkətləri nəzərdə tutursuz?

Biz də bu şirkətləri axtarırıq. Kim birincilərdən olsa, o da ən çox fayda götürəcək. Ölkəmizdə biznes sektorlarının çoxu belə olub: yanacaqdoldurma məntəqələri, şadlıq evləri, MTK-lar, tikinti şirkətləri və s. Biznesə ilk başlayanlar arxasınca kütlə aparıblar. Bir neçə şirkətlə prosesi müzakirə edirik, strategiya qurmağa çalışırıq. Bir gənc toyuna necə hazırlaşırsa, bir şirkət də IPO üçün elə hazırlaşmalıdır. IPO - şirkətin toyu kimi bir hadisədir.

Gözlənilən effekti görməsəniz, qorxmursuz ki, bazar iştirakçılarının IPO-ya qarşı münasibəti neqativ olacaq?

Elə bir strategiya hazırlamışıq ki, bu prosesdən keçən şirkətin IPO-nun baş tutmama ehtimalı çox azdır. Lakin şirkət özü müəyyən mərhələdə geri çəkilmək istəyə bilər. Həmçinin biz öhdəlik götürməklə IPO edə bilərik. Yəni alınmayan bütün səhmləri biz alacağıq. O zaman uğur tam zəmanətlidir. Risk etməkdən, cəhd etməkdən qorxmaq absurddur. Alınmasa, "daha yaxşı nəsə olacağına zəmin yaratmışıq" deməkdir bizim üçün. Biznesmen hər zaman belə yanaşma ilə irəliləyir.

Requlyator IPO-nun keçirilməsini dəstəkləyirmi və bunun üçün nə edir?

Mərkəzi Bank qanunvericiliyin təkmilləşdirilməsi və xüsusilə də İPO edəcək şirkətlər üçün vergi güzəştinin edilməsi üçün ciddi iş aparır. Bu, ən böyük dəstək olacaq.

Siz düşünürsünüz ki, səhmlərə investisiya istiqrazlara edilən yatırımdan daha üstündü. Səbəbini izah edə bilərsiniz?

Səhmlər üzrə gəlirin yuxarı həddində limit yoxdur. Şirkətin fəaliyyətində rol oynamağa imkanı verir. Səhmlərə investisiya İslami nöqteyi-nəzərdən də düzgün investisiya formasıdır. Yəni siz mənfəətə də, zərərə də şərik olursuz.

İstiqrazlar konkret faiz vəd edir və siz bu gəlirliklə özünüzü məhdudlaşdırırsız. Düzdür, şirkət müflis olsa birinci istiqrazlar üzrə ödəniş etməlidir, sonra səhmlər üzrə. Amma siz müflis olası şirkəti tanımayıb investisiya etmisinizsə, istiqrazlarını alsanız belə nə fayda!

Açığı, bütün kitablar istiqrazları səhmlərdən risksiz alət kimi izah edir. Praktikada isə 20 müxtəlif səhmdən ibarət portfeldən ildə 20% gəlir əldə edərkən səhmlərin birinin 2-3 il sonra defolt olması ümumi portfelə cüzi təsir edir. Şəxsən mən belə qənaətə gəlmişəm ki, heç risk etməyən əslində daha çox risk etmiş adamdır. Çünki dünya tez dəyişir, daim nəzarətdə saxlayıb informasiyalı olmalısan, daim operativ olub hərəkət etməlisən, demək olar, hər bir nəsnə artıq investisiya obyektidir, gələcəkdə qiyməti arta da bilər, azala da bilər.


* IPO (İlkin Kütləvi Yerləşdirmə) əlavə kapitalın cəlb edilməsi məqsədilə şirkətin qiymətli kağızlarının ilk dəfə qeyri-məhdud sayda investora satılması prosesidir. Bu proses yalnız investisiya şirkətləri vasitəsilə fond birjasında həyata keçirilə bilər. İstər böyüməkdə olan gənc şirkətlər, istərsə də böyük və təcrübəli şirkətlər İlkin Kütləvi Yerləşdirmə etməklə əlavə maliyyə resursları cəlb edə bilərlər.

Bizi Telegram-da izləyin: t.me/indexaz