Image description

Bu ilin yanvar-aprel ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 152,2 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2,6% artıb. Belə ki, ötən ilin ilk 4 ayı ərzində Gürcüstandan Azərbaycana 148,4 milyon dollar dəyərində məhsul ixrac edilib.

İndex.az Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın Çin və Rusiyadan sonra ən çox məhsul ixrac etdiyi ölkə olub. Bu ilin ilk 4 ayında Gürcüstanın ümumi ixracının 12,7%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan sonrakı yerlərdə Türkiyə və Ukrayna gəlir.

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 4 ayında Azərbaycandan 183,4 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 9,1% azalıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə ABŞ, Ermənistan, Almaniya və Ukrayna gəlir.

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 4 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 3 milyard 928,7 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 12,8% çoxdur. Qonşu ölkənin ixracı 10,1% artaraq 1 milyard 198,7 milyon dollar, idxalı da eyni səviyyədə (10,1%) artaraq 2 milyard 730 milyon dollar təşkil edib.
Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 22%-i), minik avtomobilləri (10,5%) və ferroərintilər (9,3%) daxildir.

Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə minik avtomobilləri (ümumi idxalın 9%-i), neft və neft yağları (7,2%-i) və mis filizi və konsentratlarıdır (7%).







©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz