Image description

Rostov yaxınlığındakı Aksai bölgəsində azərbaycanlı iş adamı Kərim Babayevin qanunsuz elan edilmiş bazarlarında sahibkarlarla polis arasında qarşıdurma baş verib.

İndex.az "bloknot-rostov.ru"ya istinadla xəbər verir ki, Rusiya polisi sahibkarlara bazarlardakı mallarına yaxınlaşmağa icazə verməyiblər. Bu səbəblə işçilərlə polislər arasında mübahisə olub. Sahibkarların sözlərinə görə, polis onlara nə bazara girməyə, nə də mallarını geri götürməyə qoymur.
Bazarlar giriş üçün bloklandığına görə, bəzi girişlərdə işçilərdən pasport və ya icarə müqaviləsi tələb edilir. Bu qaydaya tabe olmayanlar isə 15 günlük inzibati həbslə təhdid edilirlər.

Sahibkarlar bildirir ki, əgər bazar qanunsuz fəaliyyət göstərirdisə bu illər ərzində niyə heç bir tədbir görülməyib? Onların sözlərinə görə hazırda çox sayda vətəndaş işsiz qalıb, vəziyyət isə vaxt ötdükcə gərginləşir.
Xatırladaq ki, bir neçə ay əvvəl təxminən 3 min 500 hərbçi, polis, FTX işçisi Kərim Babayevə aid 15 hektar ərazini əhatə edən bazarını mühasirəyə alaraq yoxlamalara başlamışdı.

Xüsusi əməliyyat “Atlant”, “Classic”, “Almaz” və tərəvəz bazarlarında baş tutmuşdu. Kərim Babayevin oğulları Vadim və Eduard Babayevlər, iş adamı İvan Sitko və Aksai rayon administrasiyasının rəhbəri Vitali Borzenko saxlanılıb. Onlar qanunsuz işlərdə və cinayətkar qruplaşmaya üzv olmaqda günahlandırılır. Kərim Babayevin isə ölkədən qaçdığı və hazırda axtarışda olduğu bildirilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz