Image description

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

İndex.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin İnformasiya, İctimaiyyətlə əlaqələr və Protokol şöbəsindən bildirilib ki, Şəmkir Balıq Zavodu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarılsa da, dövlətsizləşdirilməsi baş tutmayıb.

"Məlumat üçün bildirək ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodu 25 may 2021-ci il tarixində keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (https://bit.ly/3e5nW2r) və ya Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar",- məlumatda deyilir.

Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.