Image description

“Azsığorta” ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub.

İndex.az şirkətə istinadən xəbər verir ki, Qoşqar Şəkərəliyev və Elbrus Fərzəliyev İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.

Q. Şəkərəliyev Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə kredit fakültəsi üzrə bakalavr və magistr pilləsini fərqlənmə ilə bitirib. O, daha sonra ikinci ali təhsil olaraq T.Şevçenko adına Kiyev Milli Universitetinin hüquq fakültəsini bitirib. Q.Şəkərəliyev İqtisad üzrə fəlsəfə doktorudur.

2002-ci ildən bir neçə sığorta şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həmçinin, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində çalışaraq “Aqrar Sığorta” layihəsinın hazırlanmasında iştirak edib. Q.Şəkərəliyev 2017-ci ildən “Azsığorta” ASC-də çalışır.

Elbrus Fərzəliyev Naxçıvan Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını bitirib.

İlk iş fəaliyyətinə Naxçıvan MR, Maliyyə və İqtisadiyyat Nazirliyində başlamışdır. Uzun müddət Naxçıvan MR, Nazirlər Kabinetində dövlət qulluğunun müşaviri olaraq müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən AZSIĞORTA ASC-də çalışır.

Xatırladaq ki, “Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev, şirkətin İdarə Heyətinin sədri isə Yusif Soltanovdur. Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.

Bizi Telegram-da izləyin: t.me/indexaz