Image description

"Əsasən dövlət investisiyaları ilə dəstəklənən məcmu tələbin qısamüddətli dövrdə inflyasiyaya təzyiq yaradacağı gözlənilir".

İndex.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri bildirib ki, inflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar inflyasiyanın ilin sonunda hədəf daxilində (4±2%) qalacağını göstərir:

"Ötən iclasdan bəri risk balansında inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək dəyişikliklər baş verməmişdir. İnflyasiya başlıca olaraq qeyri-monetar xarakterli birdəfəlik xərc və mövsümi faktorlardan təsirlənir. Əlverşli xarici mühit fonunda valyuta bazarında sabitlik və milli valyutanın məzənnəsinin sabitliyi davamlı xarakter almış və xərc amillərinin təsirlərini balanslaşdırır. Bərpa prosesində olan məcmu tələbin təklifi üstələməklə inflyasiya təzyiqi yaradacağı gözlənilir. İnflyasiya gözləntilərində dəyişikliklər baş versə də yenilənmiş proqnozlar inflyasiyanın ilin sonunda hədəf daxilində qalacağını göstərir".

Elman Rüstəmov əlavə edib ki, dünya ərzaq qiymətlərinin yüksəlməsi də inflyasiyaya artırıcı təsir göstərməkdədir.

"2021-ci ilin martayında 12 aylıq inflyasiya 4,1%, birinci rübdə orta illik baza inflyasiya 2,2% təşkil edib. İnflyasiyanın dinamikası qeyri-monetar xarakterli faktorlardan təsirlənib. Son bir neçə aydakı faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Real sektor üzrə monitorinqə görə, Martda inflyasiya gözləntiləri qeyri-neft sənayesi, ticarət və tikinti sektoru üzrə artmış, xidmət sektoru üzrə azalmışdır. Ev təsərrüfatları arasında Martda keçirilmiş sorğulara görə, respondentlərin 25%-i inflyasiyanın yüksələcəyini göstərir", - Mərkəzi Bankın sədri məlumat verib.

Bizi Telegram-da izləyin: t.me/indexaz