Image description

Avtomobil satışını həyata keçirən şirkət barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən 29 mart 2021-ci il tarixində tərtib edilən cərimə protokolu ləğv edilib.

Index.az xəbər verir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində “Qafqaz Auto” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilmişdi.

“Qafqaz Auto” bununla bağlı apelyasiya aşikayət vermişdi, qərardan razı deyildi.

9 aprel tarixində gerçəkləşən apelyasiya məhkəmənin qərarını ləğv edib və iş üzrə iş üzrə icraata xitam verilib.

İXM-in 430-cu maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə tətbiq edilir. Buna görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmənin qərarında “Qafqaz Auto” MMC barəsində cərimə məbləği 20% ilə götürülmüşdü.

Mərkəzi Bankın 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən, alınan mallara görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.

Xatırladaq ki, əvvələr malların idxalı ilə bağlı müddət 180 gün idi. 26 fevral 2018-ci il tarixdə qaydalara edilən dəyişiklikdən sonra müddət 180 gündən 270 günə qədər uzadılıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz