“Qızıl məmulatları və zinət əşyaları ölkə xaricinə çıxarmaq istəyən şəxslər üçün mövcud limitin artırılması dövlət qurumlarının səlahiyyətindədir”.
Bu sözləri İndex.az-a müsahibəsində Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov söyləyib:
“Azərbaycandan qızıl məmulatları və zinət əşyaları çıxarmaq istəyən şəxslər üçün mövcud limitin artırılması ilə bağlı qərar vermək aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir. Qeyd edək ki, Assosiasiyamızın tərkibində 90-dan çox iri sahibkar birləşir. Sahibkarlarımız hər hansı təklif irəli sürdükdə, biz dövlət qurumları ilə sahibkarlar arasında vasitəçi rolunu oynayırıq. Mövcud problemləri müvafiq orqanlara çatdırmaq və həlli üçün addımlar atmaq əsas fəaliyyət istiqamətlərimizdəndir. Əsas məqsədimiz, sahibkarların maraqlarını qorumaqla yanaşı, mövcud qanunvericiliyin onların fəaliyyətinə dəstək verə biləcək şəkildə təkmilləşdirilməsinə töhfə verməkdir. Bu yanaşma həm sahibkarlar, həm də ölkənin iqtisadi maraqları üçün faydalı ola bilər”.