Qırğızıstan milli rəqəmsal valyutasını buraxdı

Qırğızıstan Prezidenti Sadır Japarov “Dövlət rəqəmsal valyutasının tətbiqi” haqqında qanunu imzalayıb.

İndex.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, respublikanın Milli Bankı ölkə ərazisində rəsmi ödəniş vasitəsi kimi tanınan elektron somun emissiyası üçün müstəsna hüquq əldə edib,

Elektron som, nağd və nağdsız pulları tamamlayaraq, Qırğızıstanın milli valyutasının üçüncü forması olacaq. Rəqəmsal valyuta xüsusi rəqəmsal pul kisələrində saxlanılan tokenlər şəklində buraxılacaq. Elektron somun istifadəsi üçün Qırğızıstanın Milli Bankının idarəçiliyi altında ayrıca platforma yaradılır.

Rəsmi mənbələr bildirir ki, milli valyutanın yeni formasının tətbiqi üçün təxminən 5 milyon dollar ayrılıb. Yaxın vaxtlarda Milli Bank bank və digər maliyyə təşkilatları üçün rəqəmsal somla işləmək qaydalarını hazırlayacaq. Planlaşdırılır ki, elektron valyuta əmək haqqı ödənişləri də daxil olmaqla müxtəlif növ ödənişlər üçün istifadə ediləcək.

Gözlənilir ki, rəqəmsal somun tətbiqi dövlətin kağız əskinasların buraxılmasına çəkdiyi xərcləri azaltmağa imkan verəcək.