Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 38% artıb

2024-cü ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2023-cü illə müqayisədə 37,9 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (2 milyard ABŞ dolları) idxalı (1,6 milyard ABŞ dolları) üstələməsi nəticəsində 450,3 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,5 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 25,9 % artıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 79,1 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Ötən il qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri əvvəlki ilə nisbətən 10,5 % azalaraq 32,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 49,9 % artaraq 2,1 milyard ABŞ dolları olub.