Rusiya Aktauda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.
İndex.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq”, – Peskov jurnalistlərə bildirib.
O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.
“Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və əməkdaşlıq həyata keçirilir. Putin üzr istəyib və təəssüfləndiyini bildirib”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.