
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 4 milyard 776 milyon manat təşkil edib, bu da proqnozdan 0,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,7 % çoxdur.
İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə neft-qaz sektorunun büdcə daxilolmalarındakı payı 49,1 % olub.
I rübdə neft-qaz sektorundan daxilolmaların 24,2 %-i və ya 1 milyard 155,7 milyon manatı vergi orqanlarının xətti ilə, 75,8 %-i və ya 3 milyard 620,3 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşüb.
Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitlərinin 49,6 %-i və ya 572,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 40,7 %-i və ya 471,1 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 9,7 %-i və ya 111,7 milyon manatı isə ABƏŞ-in mənfəət vergisinin hesabına formalaşıb.
Bu ilin I rübündə dövlət büdcəsinin ümumi gəlirləri 9 milyard 733,4 milyon manat, xərcləri isə 8 milyard 115 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 % çox və 1,6 % azdır.
Gəlirlər üzrə icra 101,8 %, xərclər üzrə isə 98 % olub.