Messi: “Problem pul olsaydı, Səudiyyə Ərəbistanına gedərdim”

Fransanın “Paris Saint-Germain” (PSJ) komandasından ayrılan argentinalı Lionel Messi karyerasını ABŞ Futbol Liqasının (MLS) komandalarından biri olan “İnter Mayami”də davam etdirəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, 35 yaşlı ulduz futbolçu bununla bağlı İspaniya mətbuatına danışıb.

“Barselona”ya qayıtmağı çox istəyirdim, belə bir arzum var idi. Ancaq iki il əvvəl baş verənlərdən sonra gələcəyimi başqasının əlinə verib eyni vəziyyətə düşmək istəmədim.Özümü və ailəmi düşünərək qərarımı verdim”.

La Liqanın “Barselona”nın transferinə yaşıl işıq yandırdığı xəbərini eşitdiyini ifadə edən Messi, “Hələ çox çatışmayan şey var idi. Oyunçu satmaq və ya maaşları azaltmaqdan məsul olmaq istəmədim. Yoruldum” deyə fikir bildirib.

Qərarında maliyyə narahatlığının təsirli olmadığını müdafiə edən Messi, “Məsələ heç vaxt pulla bağlı deyildi. Əgər belə olsaydı, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim” dedi.

Qeyd edək ki, “İnter Mayami” komandası da sosial media hesabından paylaşdığı video ilə Messinin transferini açıqlayıb.