Mask “X”in bağlanmasına qərar verən hakimin cinayətlərini ifşa edəcəyinə söz verib

Amerikalı milyarder və sahibkar İlon Mask Braziliyada “X” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılmasına qərar verən Braziliya Ali Federal Məhkəməsinin hakimi Alekşandri di Moraisin cinayətlərini ictimaiyyətə açıqlayacağına söz verib.

İndex.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Sabah biz Aleşandri de Moraisin cinayətlərinin uzun siyahısını dərc etməyə başlayacağıq. Özü də konkret Braziliya qanunları ilə birlikdə. Təbii ki, o, Amerika qanunlarına tabe olmaq məcburiyyətində deyil, amma öz ölkəsinin qanunlarına tabe olmalıdır”, – Mask yazıb.

Xatırladaq ki, Morais daha əvvəl Maska Braziliyada “X” sosial şəbəkəsinin yeni qanuni nümayəndəsini təyin etmək üçün 24 saat vaxt vermiş, əks halda, sosial şəbəkənin fəaliyyətinin dayandırılacağını bildirmişdi. Müddət Bakı vaxtı ilə cümə günü saat 03:07-də bitib.

“X” sosial şəbəkəsi cümə günü Braziliya məhkəməsinin qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdiyini və bu ölkədə bloklanmasını gözlədiyini açıqlayıb.