Taksilər niyə kartla ödənişdən qaçınırlar? - ARAŞDIRMA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

- Salam (sürücü ilə salamlaşdıqdan sonra ünvanı izah edirəm).

- Xanım, ödəniş kartladır?

- Bəli, kartladır.

Məni həm gülümsədən, həm də təəccübləndirən o cavab gəlir.

- Lənət sənə, kor şeytan, bütün günü kartla işləmişəm, sizdə də kartdır. Niyə əvvəlcədən kart olduğunu bildirmirsiniz?

Beləcə, sürücü yol boyu deyinir, sanki taksiyə pulsuz oturubsan kimi rəftar edir, nəticədə hər iki tərəfin qanı qaralır. Bütün dünyada nağdsız ödənişlər təbliğ edilsə də, sürücülərin “kart dərdi” bizi də nağdsız ödənişdən soyudur.

Başıma gələn hadisələrdən birini bölüşdüm. Yəqin ki, kartla ödəniş edən bir çox insan sürücü aqressiyası ilə üzləşir. Bir çox hallarda açıq şəkildə deməsələr də, simalarından aqressiya hiss olunur. Bəs nə üçün belədir? Taksi sürücüləri niyə nağdsız ödənişləri qəbul etmək istəmirlər? Daha doğrusu, onları kartdan imtina etməyə vadar edən səbəblər nədir?

DSMF, kontur, benzin, maşının xərcləri...

Taksi sürücüsü Tima Əli deyir ki, kart sistemini tətbiq edən taksi şirkətlərində sürücülər, əsasən, asudə vaxtlarında işləyirlər. Sürücünün sözlərinə görə, kartla olan ödənişləri sürücü nağdılaşdıra bilmir: "Səbəb odur ki, çox az adam əsas iş kimi bu işi görür. Kartla ödənişi nağdlaşdırmaq üçün sürücü VÖEN açdırmalıdır, VÖEN-ə bağlı kart hesabı olmalıdır, taksi fəaliyyətinə görə qeydiyyat nişanı almalıdır, DSMF-yə əlavə olaraq pul ödəməlidir. Yəni 1.60 manat olan gedişin 20 faizini taksi şirkəti tutur, 10 faizini nağdlaşdırma prosesi, DSMF, kontur, benzin, maşının xərcləri və s. Yəni onsuz da su qiymətinə olan taksidə kartla ödəniş olanda, vəziyyət lap gərginləşir. Ona görə də, ya şirkətlər bunun həlli yolunu tapmalı, ya da vətəndaşlar bu durumu anlayıb, sifarişləri kartla etməməlidirlər”.

Bəs mən nə ilə dolanım? 

“Bəzi günlər olur ki, gün ərzində 10 sifarişdən 7-8-i kartla olur. Bəs mən nə ilə dolanım? Nə yeyim, nə içim? Yanacaq əvəzinə su töküm? Əgər pulu kartla almaq bizə rahat olsa, nə üçün imtina edək? Şirkət onlayn ödənişlərdən yığılan məbləği ən tezi bir ay ərzində sürücüyə verir”. 

“Gündəlik çörəkpuluna işləyən adamlarıq”

“Şirkət sürücünün lehinə iş görmür. Digər tərəfdən, müştəri kartla ödəyəndə, biz evə əliboş gedirik. Taksiləri qınamayın. Biz gündəlik çörəkpuluna işləyən adamlarıq. Uşaq evdə kart yemir. Kartdan pulu nağdlaşdırmaq aylar alır. Kartdakı vəsait sürücüyə həmin gün ödənilsə, problem olmaz. Amma belə deyil. Balansa oturur, depozit kimi çıxılır. Mənə depozit lazım deyil, nağd pul lazımdır. Bizdə hələ kart sistemi normal işləmir. Nə qədər kart sistemi olacaq, o qədər də keyfiyyətsiz xidmət olacaq”. 

“Psixoloji baryer” 

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Azərbaycanda sürücülərin nağd ödənişlərə üstünlük verməsinin səbəbləri çoxdur: "Bunlardan birincisi ənənəvi metodun hazırda Azərbaycan ərazisində, ümumiyyətlə, insanlar arasında xüsusi çəkiyə malik olmasıdır. Yəni insanlar hələ də onlayn ödənişləri qəbul etmirlər. Bazarlıq edən şəxs, marketin qarşısında bankomatdan pulu çıxarır, sonra bazarlıq edir. Halbuki, kartla da alış-veriş edə bilərdi. Bu, bir psixoloji baryerdir”.

“Onların karta deyil...” 

Ekspert deyir ki, əhalinin müəyyən təbəqəsi, eləcə də bəzi taksi sürücüləri nağd formada istifadəni daha təhlükəsiz, rahat hesab edirlər. Buna görə də, məhz nağd ödənişlərə üstünlük verirlər: "Onlar onlayn formada qəbul etdikləri pulu nağdlaşdıran zaman müəyyən vəsait, vaxt itirirlər. Taksi sürücüləri də belə problemlə üzləşirlər. Onların karta yox, pula daha çox ehtiyacları var”. 

“Hamı eyni sözü əzbərləyib”

Ekspert vurğulayır ki, problemin kökündə bizim cəmiyyətdə nağdsız ödəniş mədəniyyətinin olmaması durur: "Nəinki taksi, təsəvvür edin ki, Bakının mərkəzində o qədər yerlər var ki, kartla ödəniş etmək istəyirsiniz, mümkün deyil. Hamının da standart bəhanəsi var ki, ödəniş terminalımız işləmir. Hamı eyni sözü əzbərləyib, təkcə taksi sürücüsü deyil. Alış-veriş mərkəzlərində ödəniş terminalının istifadəsindən yayınmaq cəhdləri varsa, taksi sürücüsündən nə gözləyək? İnsanlar hələ də maaş kartında olan pulu son qəpiyinə qədər kartdan çıxarıb pulqabında saxlayır. Taksi sürücüsü VÖEN açdırıb kartını əldə etsə, onun da pul problemi olmayacaq. Sadəcə olaraq, kart sistemini qəbul edə bilmirlər”. 

50 faizdən artıq artım

Problemin həllinə gəldikdə isə ekspert deyir ki, nağdsız ödəniş mədəniyyətini aşılamaq lazımdır: "Düzdür, bu tendensiya gedir. Misal olaraq deyim ki, avqust ayında 505 milyon manatlıq nağdsız ödəniş həyata keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən artıq artım deməkdir. İnsanlar nağdsız ödənişlərə alışmalıdır”.

Ən əsası, sərnişin pulu necə ödəyəcəyini seçməkdə azaddır. Əgər şirkət sərnişinə nağdsız ödəniş seçimini verirsə, sərnişin istədiyi şəkildə ödəməkdə sərbəstdir. Sərnişini acılamaq, qınamaq, pulu kartla ödədiyi üçün tənqid etmək sürücünün qeyri-peşəkarlığından xəbər verir. Sürücü narazılığını sərnişinlə deyil, şirkətlə həll etməlidir. Çünki sərnişin ona verilən seçimdən faydalanır.




Oxu.az

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT