"Rabitəbank" zərəri qapatmaq üçün səfərbər olub - HESABAT

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Rabitəbank" 2021-ci ilin 3 rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Index.az bankın maliyyə hesabatını analiz edib.

Analiz göstərir ki, ilin əvvəlindən bankın aktivləri təxminən 76 milyon manat artaraq 906.9 milyon manat təşkil edib.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində bankın kredit portfeli 33.3 milyon manat artaraq 456.6 milyon manata çatıb. Hesabat dövründə "Rabitəbank" istehlak kreditləşməsini 30 milyon manat artıraraq 139.4 milyon manata çatdırıb. Maraqlıdır ki, bankın biznesə dəstəyi zəifləyib. Bankın biznesə ayırdığı kreditlər 4.2 milyon manat azalaraq 238.8 milyon manat təşkil edib.

Bankın depozit portfeli 621.9 milyon manat olub ki, bu da ilin əvvəlindən 75.8 milyon manatlıq artımdan xəbər verir. Portfelin strukturuna nəzər salanda məlum olur ki, bunun 238.3 milyon manatı fiziki şəxslərin, 383.6 milyon manatı isə hüquqi şəxslərin payına düşür.

Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 150.8 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 9.2 milyon manat çoxdur.

"Rabitəbank" 9 ay ərzində 6.6 milyon manat xalis mənfəət əldə edib. Qazanmış mənfəət hesabına bankın bölüşdürülməmiş zərəri 5.1 milyon manatadək azalıb.

"Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101.3 milyon manatdır. Bankın səhmlərinin 40.6%-i Rauf Əliyevə ("Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11.48%-i Zakir Nuriyevə (Müşahidə Şurasının sədri), 9.11%-i Dilarə Nuriyevaya, 7.6%-i Seyran Nuriyevə (baş direktor), 1.07%-i Aslan Xasiyevə (Müşahidə Şurasının üzvü), 0.14%-i isə 12 hüquqi şəxsə məxsusdur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT