Image description

Uçot dərəcisinin sabit saxlanması gözlənilən qərar idi. Bunu Index-ə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

Xatırladaq ki, ötən gün Mərkəzi Bank uçot dərəcəsinin 6.25%, dəhlizin aşağı həddinin 5.75%, yuxarı həddinin isə 6.75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Ekpert hesab edir ki, uçot dərəcəsinin aşağı salınması real deyildi: "Ona görə real deyildi ki, inflyasiya təzyiqi var. Düzdür, Mərkəzi Bank elan edirdi ki, inflyasiya hələlik 2-6% çərçivəsindədir. Fevralda 4.2% inflyasiya olub və gördüyünüz kimi, çərçivəni aşmır. Amma bu göstərici əvvəlki aylarda 2.4- 2.8% olub. Deməli, inflyasiya meylləri yaranıb. İnflyasiya meyllərinin yarandığı bir vaxtda Mərkəzi Bank bir qayda olaraq uçot dərəcəsini aşağı salmır. Bu gün uçot dərəcəsinin artırılması real görünmür. Çünki uçot dərəcələri inflyasiyanın yüksək olduğu halda, həm də devalyasiyadan sonra, başqa sözlə pul-kredit siyasətini sərtləşdirmək üçün atılan bu addımdır.
Bu gün Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirməkdə maraqlı deyil. Ona görə ki, onsuz Covid-19 iqtisadi aktivliyi azaldıb. Düşünürəm ki, Mərkəzi Bankın atdığı addım düzgündür".

Mərkəzi Bankın açıqlamasında deyilir ki, qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də, baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın AMB-nin hədəf dəhlizi daxilində qalacağını göstərir.

Bu məsələyə toxunan Samir Əliyev bunu deyib: "Əslində Mərkəzi Bank bunu belə əsaslandırır ki, inflyasiyaya amillər var. İnflyasiyanı artıran amillər hansılardır? Dünya bazarında ərzağın qiyməti qalxdı və xarici ölkələrdə inflyasiya olduğuna görə, qiymətlər qalxır. Təbii ki, bu da idxaldan asılı olan Azərbaycan üçün inflyasiyanı artıran amildir. Bununla yanaşı, dövlət tərəfindən tənzimlənən tariflər var. Məsələn, içməli suyun, yanacağın bahalaşması... Bunlar da inflyasiya yaradan amillərdir. Digər tərəfdən inflyasiyanın qarşısını alan, müəyyən qədər onu tormozlayan amillər də var. Burada ilk növbədə milli valyutanın məzənnəsinin sabit qalmasını qeyd edə bilərik. Həm də iqtisadi aktivliyin hələ də yüksək olmaması nəticəsində tələbatın azalması müşahidə olunur. Qeyri-monetar amillərə gəlincə, söhbət pul-kredit siyasətindən asılı olmayan fəaliyyətlərdən gedir. Məsələn, xarici ticarətlə bağlı olan məsələlər var. Fiskal siyasətlə də bağlı ola bilər. Yəni Mərkəzi Bank göstərmək istəyir ki, inflyasiyanı yaradan amillər qeyri-monetar, yəni AMB-dən asılı olmayan səbəblərdir".

Ekspert əlavə edib ki, Mərkəzi Bank monetar amillərdən istifadə etməklə inflyasiyanı cilovlamağa çalışır.

Bizi Telegram-da izləyin: t.me/indexaz