Avtomobillərin icbari sığortası üzrə haqlar artırıla bilər - EKSKLÜZİV

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə tarif və təminatlarda hər hansı bir dəyişikliyin edilməsi müxtəlif dövrlərdə müzakirə mövzusu olub”.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Index.az-a açıqlamasında bildirib ki, məsələ bu gün də aktualdır: “Adıçəkilən növ hazırda Azərbaycanda 99% penetrasiyaya malikdir. Buna baxmayaraq, bu növ şirkətlər üçün zərərli bir növ olaraq qiymətləndirilir. Çünki “İcbari sığortalar haqqında” qanun 2011-ci ildə qəbul edilib və bu ötən 10 il ərzində müvafiq qanuna tarif və təminatlarla bağlı hər hansı bir əlavə və dəyişiklik edilməyib. Etiraf etməliyik ki, ötən 10 il ərzində ölkəmizdə və dünyada çox şey dəyişib, yeni trendlər, tendensiyalar meydana gəlib. Ölkə iqtisadiyyatı, vergi sistemi və sosial müdafiə siyasətində inkişafyönümlü dəyişikliklər bütün iqtisadi klassifikasiyalara öz müsbət təsirini göstərir. Bu təsir təbii ki, icbari sığortalarda da hiss olunmalıdır”.

İcraçı direktorun sözlərinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə tarif və təminatlara yenidən baxılmalı, məqsədyönlü dəyşikliklər aparılmalıdır: “Məhz bu məqsədlə də biz Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq Hüquq və Qeyri-həyat sığortası komitələrimizdə bu məsələni cari ilin əvvəlindən etibarən diqqətdə saxlayırıq. Belə ki, ASA-nın təşkilatçılığı ilə bu istiqamətdə bazar iştirakçılarından ibarət İşçi qrupu yaradılaraq məsələ ətrafında geniş və davamlı müzakirələr təşkil edilib. Nəzərdə tutulan müvafiq dəyişikliklərin yerli bazar şərtlərinə əsaslanan konkret istiqamətləri təkliflər planı şəklində hazırlanıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan