Ərzaqlar niyə sürətlə bahalaşır?

Dünyada ərzaq məhsulları son 40 ildə rekord həddə bahalaşıb.

Hazırda dünyada ərzaq məhsulları 27% bahalaşaraq son illərin rekord həddinə çatıb. Bu barədə məlumatı Rusiyanın analitik informasiya agentliyi “İNFOLine” yayıb. Məlumata görə, qiymət artımı təkcə meyvə-tərəvəz, süd məhsullarında yox, həm də gübrə və yem qiymətlərində hiss olunur. Bahalaşmanın daha çox kartofda təqribən 1, 77% olduğu müşahidə edilib. Agentlik eyni zamanda alıcılıq qabiliyyətinin sərhədsiz olduğunu, bunun isə öz növbəsində müəyyən səviyyədən sonra stabilləşməyə gətirib çıxaracağını da vurğulayıb.

Qeyd edək ki, ərzaq məhsullarının bahalaşmasının əsas səbəbi kimi, əsasən pandemiya göstərilsə də, burada müxtəlif amillərin də rol oynadığı bildirilir. Burada başqa hansı faktorlar rol oynayır və ölkəmizdə bu probemin həlli yolu varmı?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, qiymət artımını şərtləndirən əsas faktor kimi pandemiya götürülür:

“Çünki pandemiya faktiki olaraq istehsal prosesində fasilələrin yaranmasına gətirib çıxardı. Eyni zamanda qida məhsullarına tələbi artıran səbəb kimi də göstərilir. Çünki ÜST də daxil olmaqla bütün səhiyyə sistemi tövsiyə ediblər ki, pandemiyadan qorunmanın əsas üsullarından biri ümmunitetin səviyyəsinin yüksək saxlanmasıdır. Belə şərtlər daxilində təklifin azalması fonunda tələbdə qismən artım müşahidə olunur. Dolayısı ilə bu qiymətlər üzərində təzyiq yaradan əsas məsələlərdən biridir. Bundan əlavə, iqlim dəyişikliyinin son illərdə ərzaq bazarı üzərində yaratdığı təzyiqlər daha çox müşahidə olunmaqdadır. Quraqlıqlar məhsul istehsalının həcmini azaltmaqdadır. Həmçinin bəzi ölkələrdə geni modifikasiya olunmuş ərzaq məhsullarının istehsalına məhdudiyyətlərin tətbiq olunması və yaxud həmin bazarlarda məhsulların istehlakının qarşısının alınması tədbirlərinin görülməsidir ki, bu alternativ ərzaq təminatı sistemində müəyyən qədər zəifləmələrə, təklifin azalmasına gətirib çıxarır. Bütövlükdə götürdükdə, əksər ölkələrdə də ərzaq məhsullarının qiymətlər indeksi idxal asılılığı nəticəsində, idxal inflyasiyası formasında bu baş verənləri, yəni qiymət artımını öz ölkələrinə daşıyırlar”.

Ekspert deyib ki, bizdə qiymətlər mövsümdən, eləcə də məhsulların növündən asılı olaraq dəyişir:

“Bəzi dövrlərdə müəyyən məhsulların təklifində azalma baş verir. Bunun müxtəlif səbəbləri var. Xüsusilə də xəstəliklərin yayılması ilə bağlı bəzi təsərrüfatların bazara təklif etdikləri məhsulın həcmi azalır. Məsələn, yumurta ilə bağlı bazarda bir neçə təchizatçı var. Bu məhsulun əsasən təminatı daxili istehsal hesabına formalaşır. Xaricdən məhsulların idxalı ilə bağlı qısa müddətli dövrdə qaydalara dəyişiklik və onun təşviq edilməsi mümkün olmadığından müşahidə edilən kəskin qiymət artımları baş verir. Bu, o demək deyil ki, uzun müddət davam edəcək. Düşünürəm ki, qış mövsümü ilə bağlı təklif həcmində artımlar baş verəcək. Çünki isti dövrdə bu məhsulların istehsal imkanları nisbətən məhdudlaşıb”.

Ekspertin fikrincə, ərzaq təminatı ilə bağlı müəyyən qədər problemləri həll etsək də, 2008-2015 -ci il ərzaq təhlükəsizliyi proqramı çərçivəsində ciddi asılılığı aradan qaldıra bilməmişik:

“Bu proqram çərçivəsində bir sıra məhsullar üzrə 100 faiz daxili istehsal hesabına təminatın formalaşdırılması nəzərdə tutulsa da, proqrama daxil olan məhsulların bir çoxu üzrə əksinə, məsələn, kartof da bura daxil olmaqla istehsalın azalması müşahidə olundu. Bu isə proqramın tam da uyğun olmadığını deməyə əsas verir və hazırda asılılıq davam edir. Asılılıq olduğu təqdirdə də biz ərzaq məhsulları təminatı baxımından xarici şoklara açıq ölkələrdən biri olaraq qalacağıq”.

Cebhe.info

Bizi Facebook-da izləyin: INdexAzerbaijan