Zaur Hüseynov Tağı Əhmədovun rekordunu qırdı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün metronun “İnşaatçılar” stansiyasında qatarlararası interval 9 dəqiqəyədək artıb. Modern.az-ın 08:30 radələrində stansiyada olan əməkdaşının verdiyi xəbərə görə, həmin müddətdə platformada sərnişin sıxlığı yaşanıb, hətta 9 dəqiqədən sonra dolu gələn qatara minmək də mümkün olmayıb.

Əməkdaşımızla həmsöhbət olan, adının çəkilməsini istəməyən metropolitenin xanım əməkdaşı bütün bunlarda çalışdığı qurumun rəhbəri Zaur Hüseynovu günahlandırıb. O, pandemiya vaxtı əmək haqlarının kəsildiyini, qurumda 5 nəfərin yerinə 1 nəfərin çalışdırıldığını, alınan yeni qatarların xəttə buraxılmadığını, əməkdaşların 3-5 min manat müqabilində gənc kadr adı ilə işə götürüldüyünü, rəhbər şəxsin öz qohum-əqrabasını İdarə Heyətində müxtəlif vəzifələrə gətirdiyini iddia edib:

“Mən 35 ildir metropolitendə çalışıram. Sədr təyin olunandan Zaur Hüseynovun əməkdaşlarla maraqlandığını, ümumiyyətlə üzünü görməmişik. Allah Tağı Əhmədovun ölənlərinə rəhmət eləsin”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a səhər saatlarında qatarlararası intervalın artdığını təsdiqləyib:

““İçərişəhər” stansiyasında qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən maşinist qatara baxış keçirib. Qatarda heç bir nasazlıq aşkar olunmadığından, hərəkəti davam etdirib. Bu, ümumilikdə xətdə 3 dəqiqəyədək gecikməyə səbəb olub. Təbii olaraq da bu gecikmə bütün xətlərə təsir edib. Çünki “28 May”da 2 xətt birləşir. Bu, səhər saatlarında intervalın optimal vaxtına düşdüyündən, belə fərq yaranıb”.


Qurum rəsmisi texniki baxışın metropolitenin fəaliyyətə başladığı 06:00-a qədər həyata keçirildiyini deyib: “Bütün qatarlar xəttə buraxılmazdan əvvəl tam texniki baxışdan keçirilir. Amma hərəkət müddətində də belə xoşagəlməz halların olması qaçılmazdır, çünki bu, texnikadır”.

Metropoliten rəsmisi xanım əməkdaşın iddiaları ilə bağlı fikirlərin əsassız olduğunu deyib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT