2 bank İnvestisiya Holdinqinin idarəetməsinə niyə verildi? – Deputat açıqladı

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank”ın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Sənədlə hazırda bank sektorunda fəaliyyət göstərən 30 bankdan yeganə dövlət bankları olan 2 bank holdinqin idarəetməsinə verilib.

İndex.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov “Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank”ın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Holdinqin idarəedilməsinə verilən Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur: “Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapital isə 1 milyard 479 milyon manat olub. Qeyd edək ki, 2020-ci ili bank 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Ötən ilin yekunlarında isə Beynəlxalq Bankın aktivləri əvvəlki ilə müqayisədə 2,8% azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 % azalma qeydə alınıb”.

Deputat bildirib ki, bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır: “Mərkəzi Bankın hazırladığı “Bank İcmalına” əsasən bu ilin birinci yarısında bankların ümumi kaktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb.

V.Bauramov qeyd edib ki, “Azər-Türk Bank”ın audit hesabatına əsasən, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub: “Cari rəqəmlər və eləcə də ötən il üzrə müqayisəli göstəriciləri göstərir ki, hər iki bankın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həmin bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir”.

Sərəncama əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, “Azər-Türk Bank”ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan